"Beşinci kolon" nümayəndələrinin arzuları ...

"Beşinci kolon" nümayəndələrinin arzuları ...
Siyasət
Oxunma sayı: 384
Bu gün müxtəlif beynəlxalq hüquq-müdafiə təşkilatları, ABŞ-ın və onların Avropadakı müttəfiqlərinin beyin mərkəzləri və müxtəlif QHT-lər tərəfindən öz həqiqi məqsədlərini maskalayaraq guya insan hüquqlarının müdafiəsi, demokratik dəyərlərin və bazar iqtisadiyyatının təşkilati əsaslarının yayılması üçün bütün dünyada öz fəallarının geniş şəbəkəsini yaradıblar. Yeni tipli "beşinci kolon" rolunda çıxış edənlər də məhz onlardır.
Qərb dövlətləri əvvəlki kimi açıq-aydın ikili standartlar siyasətini yürüdür, insan hüquqlarından ayrı-ayrı dövlətlərə təzyiq aləti kimi istifadə edərək dünyanın əksər dövlətlərinin daxili işlərinə qarışırlar. Onlar məhz bu məqsədlə həmin ölkələrdə yeni tipli "beşinci kolon"lar formalaşdırır və onların köməyi ilə həmin dövlətlərin daxili və xarici siyasətlərinə təsir göstərməyə çalışırlar. Məqsəd insan azadlıqlarının və hüquqlarının müdafiəsi deyil, konkret siyasi və iqtisadi səmərə əldə etmək üçün bu və ya digər dövləti arzu olunan güzəştlərə məcbur etməkdir.
Azərbaycanda özünü müxalifət adlandıran bir qrupun nümayyəndələri "5-ci kolon"u təmsil edirlər. Azərbaycan xalqı çox yaxşı bilir ki, bu dəstə xaricdən idarə olunur. Bunların iş prinsipi çox sadədir. Əvvəl bir yalan uydurulur və şər-böhtan kampaniyası başlayır. Sonra bu yalan-böhtan xarici mətbuatda dərc olunur. Bu gün xaricdən maliyyələşdirilən və xaricdə fəaliyyət göstərən anti-Azərbaycan mərkəzlərinin tapşırıqlarını yerinə yetirən "beşinci kolon" funksiyasını öz üzərinə götürən qüvvələr Azərbaycanın uğurlarını heç vəchlə qəbul edə bilmirlər və gərginlik yaratmağa, stabilliyi pozmağa cəhd edirlər. Ancaq Azərbaycan cəmiyyəti bu qüvvələrin əsil simalarının nədən ibarət olduğunu çox yaxşı bilirlər və heç bir zaman bu qüvvələrin ölkəmizdə yaranmış xalq-iqtidar birliyinin, yaranmış stabilliyin pozulmasına imkan verməyəcəklər. Bu anti-Azərbaycan qüvvələrinin arzuları bir xülya kimi qalacaq.


Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rauf Əliyev